Prezident İlham Əliyev: “Azərbaycan ordusu düşmənə layiqli cavab verib”
"Bu ilin 9 ayının sosial iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümum daxili məhsul 2,5%, qeyri-neft sektoru isə 6% artıb”. Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı inflyasiyanın 1,5% təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 5,4% çoxaldığını deyib. Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən prezident İlham Əliyev bildirib ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollara çatıb.
"Bizim əsas vəzifəmiz əvvəlki illərdə iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu artıq biz yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik. Heç kimdən asılı deyilik. Əlbəttə ki, bu bizə imkan verir ki, siyasi sahədə, o cümlədən xarici siyasətdə müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir".
Dövlət başçısı bildirib ki, Davos İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə “Regionların sosial-iqtisadi inkişafı”na dair Dövlət Proqramı uğurla həyata keçirilib. 9 ayda 100 mindən çox yeni iş yerləri açılıb. Bununla da son 10 ildə yaradılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Bu dövrdə sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına həsr olunan dövlət proqramı da uğurla icra olunub. Ölkədə infrastruktur layihələrin icrasına xüsusilə diqqət yetirilir. Prezident İlham Əliyev vurğulayıb ki, artıq bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bu amil bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlərdə də təsdiqini tapıb.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı qeyd edib ki, Ermənistan status-kvo durumunun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə məhəl qoymur. Bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan ordusu düşmənə layiqli cavabını verib. Prezident İlham Əliyev keçən ay təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsini tarixi hadisə adlandırıb.
"Heç kəsə sirr deyil ki, u layihədə əsas rolu Azərbaycan oynayıb. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi tikiləcək və istifadəyə veriləcək. Ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək. Yüzlərlə Azərbaycan şirkəti podratçı kimi bu layihədə iştirak edəcək. Bu ölkəmizə böyük gəlir gətirən və siyasi divident bir layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır".
Daha sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu ilin 9 ayının sosial iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzələr ediblər.
Müşavirəyə yekun vuran prezident İlham Əliyev ilin sonuna kimi dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının, və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini deyib. Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusilə diqqətin göstəriləcəyini, Azərbaycan ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirib. Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyi məsələsinə toxunub, müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sektorunun xüsusi yer tutduğunu bildirib. Dövlət başçısı yaxın iki ildə "Ələt Ticarət Limanı"nın tam istifadəyə veriləcəyini deyib. Bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacağını bildirib. Hava nəqliyyatının inkişaf etdirildiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşlar təşkil edildiyini deyən prezident İlham Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini söyləyib. Ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini qeyd edən dövlət başçısının ilk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyib.