Azərbaycan XİN: “Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün iş davam etdirilir”
“Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur”. APA TV-nin məlumatına görə, bu fikirlər Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin bəyanatında öz əksini tapıb. Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkil olunacağı haqqında məlumatlara münasibət bildirən Hikmət Hacıyev bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək qərarların heç bir hüquqi gücə malik olmayacağını bildirib.
"Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb, uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulub və Həsən Həsənov isə vəhşicəsinə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının ərazisində vətəndaşların sərbəst hərəkətinə ölkə qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz”.
Xarici İşlər Nazirliyi Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işin davam etdirildiyini qeyd edib.
Nazirlik həmçinin Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat”ın imzalanması barədə məlumatlara da münasibət bildirib. Hikmət Hacıyevin sözlərinə görə, Marlen Muryenin Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının qanunun pozulmasıdır.
“Burq Le Valans merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçiriləcək görüşü ərəfəsində Burq Le Valans merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır”.