Bakıda mağazada güclü partlayış: 1 ölü, 4 yaralı
Bakıda um məmulatları satılan mağazada partlayış baş verib. APA TV-nin xəbərinə görə, hadisə bu gün saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında mağazada qeydə alınıb. Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib.
Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan şəxs isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.