Bakı-Tiflis avtobusu yandı: 2 ölü, 20 yaralı - YENİLƏNİB

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 03:00 radələrində magistral yolun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb.

 

Bakı-Tiflis marşrutu üzrə işləyən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.

 

Qəza zamanı Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Elvin İlham oğlu Kərimov və Gürcüstan vətəndaşı, 2004-cü il təvəllüdlü İsgəndərov Fuad Famil oğlu hadisə yerində ölüblər. 1968-ci il təvəllüdlü Şəmsiyeva Dilavər Məhəmməd qızı, 1985-ci il təvəllüdlü Osmanov Vasif Əli oğlu, 1963-cü il təvəllüdlü Alıyeva Gülşən Dursun qızı, 1968-ci il təvəllüdlü Süleymanova Həmayıl Cahangir qızı, 1955-ci il təvəllüdlü Hacıyeva Nabat Qurban qızı, 1953-cü il təvəllüdlü Ayvazova Hürü Mustafa qızı və 1993-cü il təvəllüdlü Mamedov Bəhruz İlham oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Qəza nəticəsində avtobus alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə dəstəsi cəlb edilib. FHN-in hadisə ilə bağlı yaydığı məlumata görə, yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. iki nəfərin cəsədi aşkarlanıb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:40-da başa çatıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli