İŞİD Türkiyəni hədələdi: "Xaç yürüşləri"nə qatılma!

"İslam Dövləti" terrorçuları Türkiyəni təhdid edib. APA TV-nin xəbərinə görə, "İslam Dövləti haber" twitter ünvanında yayılan açıqlamada bildirilir ki, Türkiyə "xaç yürüşləri"ndə iştirak etməsinin əvəzini ödəyəcək. Təhdid mesajı Türkiyə xəritəsinin üzərində əl bombaları yerləşdirilən foto ilə paylaşılıb.

 

"Türkiyə bu müharibədə "İslam Dövlətinin qarşısında yer alsa, ölkədə təhlükəsizliyin təmin olunacağını düşünməsin. Türkiyənin içində İslam Dövlətinin minlərlə hücrələri var. Bizim cavabımız çox sərt olacaq". Xatırladaq ki, TBMM-də İraq və Suriyada Türkiyə Ordusunun döyüşməsinə və başqa ölkələrin hərbçilərinin Türkiyə ərazisində yerləşdirilməsinə icazə verən qanun qəbul edilib.

 

Bu arada İngiltərə xarici işlər naziri Filip Hammond bildirib ki, Türkiyənin İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda oynayacağı önəmli rol yaxın günlərdə bəlli olacaq.

 

ABŞ ordusu və koalisiya qüvvələri isə İŞİD-in Suriya və İraqdakı mövqelərinə 12 yeni hava hücumu həyata keçirib. 9 hücum Suriyaya, 3-ü isə İraqa edilib. Suriyanın Kobani şəhərinə edilən 8 hava hücumunda İŞİD-in 5 silahlı avtomobili, 1 tədarük anbarı, nəzarət məntəqəsi məhv edilib. Raqqanın cənub-qərbindəki hücumda isə terrorçuların 4 silahlı avtomobili yararsız hala salınıb.

 

Suriyadakı hücumlara İordaniyanın dəstək verdiyi bildirilir. O cümlədən Mosul ətrafında da İŞİD qüvvələrinə zərbələr endirilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı