Prezident İlham Əliyev: "Ev tikmək istəyən sahibkarlara boş ərazilərin ayrılması dövrü arxada qalıb"

Bakıda mənzil tikintisi ilə məşğul olmaq istəyən sahibkarlar ekoloji tədbirlər görməli olacaqlar. APA TV-nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev bəyan edib. Dövlət başçısı bildirib ki, ev tikmək istəyən sahibkarlara boş ərazilərin ayrılması dövrü arxada qalıb. Prezident İlham Əliyev bildirib ki, bir qədər davam edən səngimədən sonra hazırda Bakıda ev tikintisinə maraq yenidən artıb.

 

"Bundan sonra yaşayış binalarının tikintisi fərqli qaydada təşkil edilməlidir" deyən prezident İlham Əliyev bildirib ki, hansısa iş adamı və ya şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görməli, köçürmələr aparılmalıdır: "Ev tikmək istəyənlər şəhər və ya rayon İcra hakimiyyətlərinə müraciət etməlidir. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versin ki, orada tiksinlər".

 

Dövlət başçısı buna misal olaraq Bakının tarixən "Qara şəhər" adlandırılan ərazisində inşa edilən "Ağ şəhər" layihəsini, keçmiş Leytenant Şmidt adına zavodun ərazisində tikilən Heydər Əliyev Mərkəzini və sənaye müəssisələrinin ərazisində inşa edilən Olimpiya şəhərciyini göstərərək bildirib ki, həm Bakıda, həm də bütün şəhər və rayonlarda bu yol seçilməlidir.

 

Müəllif | Apa.Tv