AŞ PA sədri: "Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında təmasları artırmağa çalışırıq"
“AŞ PA-nın Siyasi məsələlər üzrə Komitəsinin son qərarından öncə Dağlıq Qarabağla bağlı 3 qətnamə layihəsinə təklif irəli sürülmüşdü. AŞPA Bürosu da böyük əksəriyyətlə bu 3 təklifdən ikisini birləşdirərək, bir sənədin qəbuluna səs vermişdi. Parlament Assambleyasında sonuncu dəfə Dağlıq Qarabağla bağlı müzakirələr 2005-ci ildə aparılıb. Büromuz bu qərarı qəbul etməklə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qarışmaq deyil, sadəcə burada Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasındakı münasibətləri, təmasları artırmağa çalışmaq istəyir”.
Bunu APA-ya Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brassör qurumun Siyasi məsələlər üzrə Komitəsinin Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə vəziyyətin gərginləşməsi adlı qətnamənin hazırlanması ilə bağlı qəbul etdiyi təklif və bu məsələ ilə əlaqədar xüsusi məruzəçinin təyin edilməsini şərh edərkən deyib.
A.Brassör deyib ki, məsələ ilə bağlı məruzəçi komitədə gizli səsvermə yolu ilə müəyyənləşib. Hesabatın hazırlanma forması və məzmunu barədə isə hələlik heç nə deyə bilməz.
A.Brassor Ermənistan nümayəndə heyətinin məruzəçi təyin edilməsinə etirazlarını və gələcəkdə məruzəçi ilə əməkdaşlıq etməyəcəklərini bildirmələrinə də münasibətini açıqlayıb: "Bir tərəfdən mən Ermənistan nümayəndə heyətinin bu reaksiyasını başa düşürəm, ötən həftə onlarla görüşüb söhbət etmişdim. Digər tərəfdən, hesab edirəm ki, yaxşı və tarazlaşdırılmış bir hesabat hazırlanması üçün onlar qalmalı və əməkdaşlıq etməlidirlər. Ümid edirəm ki, onlar məruzəçi ilə əməkdaşlıq etməyə razı olacaqlar ".
Rusiyanın Ukrayna və Krımla bağlı problemlərdən sonra AŞPA-dakı nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların Ermənistan nümayəndə heyətinə də qarşı tətbiqinin mümkünlüyü barədə suala gəlincə A.Brassör deyib ki, belə sanksiyaların istənilən ölkənin nümayəndə heyətinə qarşı tətbiqi mümkündür. Yanvar ayında qurumun növbəti sessiyası başlayacaq və hər sessiyanın ilk plenar iclasında bütün ölkələrin nümayəndə heyətlərinin səlahiyyətləri təsdiqlənir. Həmin vaxt istənilən ölkənin nümayəndə heyətinin səlahiyyətlərinə qarşı etiraz olarsa, bu, nəzərdən keçirilə bilər.