Azərbaycan rəqslərini yaşadan “Dağlar” – ƏNZƏLİDƏN REPORTAJ

“O tay Azərbaycandan gələn qonaqlarımıza xoş gəldin deyirəm. Xoş gəlib, səfa gətirmisiniz”.

İranda olduğumuz müddətdə o tay Azərbaycan ifadəsini çox eşitdik. Öz dilimizdə bu sözləri eşitmək bizi xüsusilə şad etdi. Ən yadda qalan günlərdən biri də Ənzəlidə təşkil olunan Azərbaycan həftəsinə qatılmağımız oldu. Təbrizli soydaşlarımızın təşkil etdiyi "Dağlar" rəqs qrupu bir-birindən maraqlı Azərbaycan rəqslər təqdim etdilər.

Əslində əvvəllər azərbaycanlıların yaşadığı bu ərazilərdə milli rəqslərin öyrədilməsi ilə bağlı özəl kursların sayı bir qədər çox olub. Lakin bir müddət sonra kurslar səbəbsiz olaraq bağlanıb. Bu kütləvi bağlanmanın yan keçdiyi "Dağlar" qrupu 6 ildən artıqdır ki, milli rəqslərimizi təbliğ edir. Qrupun solisti Rəhim Mədəti deyir ki, 17 yaşından rəqslə məşğul olur. Sonradan həmyaşıdlarını da başına toplayaraq fəaliyyətlərini qrup şəklində davam etdiriblər. Beləcə, Azərbaycan milli rəqslərini bu torpaqlarda yaşadırlar.

Uşaqlar hamısı 6-7 ildir bu sənətlə məşğul olur. Mənim tələbələrimdir. Mən də 17 yaşımdan bu tayda işləmişəm. İndi də özümün qrupum var. 6-7 il olar fəaliyyət göstəririk.

Rəhim Mədəti bu illər ərzində qrupu ilə birlikdə xeyli rəqs nömrələri hazırlayıb.

“Çoxdur. Çobani, Yallı, Qaytağı, 3-4, 6-8 taktlı rəqslərimiz var. Ən çox sevdiyim 6-8 taktlı rəqslər və “Yallı”dır.

Göydən leysan tökülür. Amma səslənən musiqi və soydaşlarımızın rəqsi kənardakı insanların diqqətini dərhal özünə cəlb edir və onlar sona qədər bu konserti izləyirlər.

35 milyon soydaşımızın yaşadığı bu torpaqlarda doğma türkcəmizi ən müxtəlif ləhcələrdə eşitmək qədər gözəl bir şey ola bilməz. İranda olduğumuz müddətdə bizdən ayrılmayan bu iki qardaş Azərbaycan dilində bu mahnını zümzümə etməkdən yorulmadılar:

“Küçələrə su səpmişəm...”
 

Müəllif | Apa.Tv