DSMF sədri Lənkəranda qəbul keçirib
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev oktyabrın 9-da Lənkəran şəhərində vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. APA TV-nin məlumatına görə, qəbulda ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb.
Görüş “Açıq qapı” şəraitində davam etdirilib. Müraciətlərin əksər hissəsi sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Bir neçə müraciət isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.
Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxan Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlarını verib.
DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.