Türkiyədə iğtişaşlarda ölənlərin sayı 24-ə çatdı
Türkiyədə Kobani hadisələrinə görə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 24-ə çatıb. Mardin vilayətinin Qızıltəpə rayonunda cəsədləri tapılanlardan 2-nin Səudiyyə Ərəbistanı və Suriya vətəndaşı olduğu məlum olub. Onların hər ikisinin kürdcə bilməməsi və uzun saqqalı olması İŞİD terrorçusu təəssüratı yaratdığı, bu səbəbdən öldürüldüyü bildirilir.
Xatırladaq ki, İŞİD-in Suriyada kürd şəhəri olan Kobaniyə edilən hücumlarına Türkiyənin silahlı müdaxilə etməsini istəyən kürdlər ölkənin müxtəlif yerlərində icazəsiz nümayişlər keçirib, iğtişaşlar törədib. 100-dən insan yaralanıb, 24 nəfər ölüb. İğtişaşçılar Atatürkün büstünü və Türkiyə bayrağını yandırıblar, mağazalara, ticarət obyetlərinə, dövlət idarələrinə hücum edərək, xeyli ziyan vurublar. Hadisəyə polis və ordu iğtişaşlara müdaxilə edib, bir neçə şəhərdə komendant saatı elan olunub.
APA TV-nin xəbərinə görə, bu arada, İŞİD-in Kobaniyə hücumları davam edir. Son xəbərlərə görə, terrorçular şəhərdə 3-cü bayraqlarını sancıb. ABŞ və koalisiya qüvvələrinin hava hücumlarına baxmayaraq, terrorçuların şəhərin üçdə birindən çoxuna nəzarət etdiyi bildirilir. İŞİD-çilərlə kürdlər arasında gedən döyüşlər artıq şəhərin mərkəzində davam edir. Kobanidə davam edən döyüşlər Türkiyə sərhədindən rahat şəkildə görülür.