Sumqayıtdakı "Karvan" ticarət mərkəzi yenə yandı: 1 ölü, 5 yaralı

Dünən axşam Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın baş verib. APA TV-nin məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görüblər.

 

Ümumi sahəsi 10 000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsi 600 kv.m sahədə və içərisində olan satış malları yanıb.

 

Yanğının kəşfiyyatı zamanı Şirvan şəhər sakini, 47 yaşlı Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub. Onun tüstüdən boğulduğu bildirilir. İlqar Əliyevin meyiti xilasedicilər tərəfindən binadan çıxarılıb. Daha 5 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, bu, son bir il ərzində "Karvan" ticarət mərkəzində ikinci böyük yanğındır. Ötən il oktyabrın 19-da da ticarət mərkəzində yanğın baş vermişdi.

 

Yanğınla bağlı araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Müəllif | Apa.Tv