Türkiyədə iğtişaşlar davam edir: 2-si polis olmaqla 30 nəfər ölüb

Türkiyədə "İraq Şam İslam Dövləti" terror təşkilatının Suriyanın Kobani şəhərinə hücumları bəhanəsi ilə törədilən iğtişaşlarda qan tökülməkdə davam edir. APA TV-nin məlumatına görə, artıq ölənlərin sayı 30-a çatıb.

 

Qaziantepdə kütləvi iğtişaşlar zamanı kortəbii atəş açılması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən birinin 15 yaşı var. Güllə dəyməsi nəticəsində ölən 20 yaşlı qadın isə 10 aylıq körpə anasıdır.Qaziantepin valisi Erdal Ata bildirib ki, iğtişaşlar zamanı 11 nəfər yaralanıb.

 

Bingöl vilayətində isə polis əməkdaşlarına hücum edilib. Hücum nəticəsində 2 polis əməkdaşı şəhid olub, polis rəisi və müavini də daxil olmaqla 3 nəfər yaralanıb. Yaralılardan biri ambulans təyyarəsi ilə Ankaraya göndərilib.

 

Hücumdan sonra bölgədə şübhəlilərin tapılması üçün əməliyyat keçirilib. Xüsusi təyinatlılar şübhəli avtomobili saxlamağa çalışsa da, maşındakılar əmrə tabe olmayıblar və atışma baş verib. Xüsusi təyinatlılar 3 terrorçunu məhv edib, yaralı ələ keçirilən 1 terrorçu isə sonradan ölüb. Terrorçuların avtomobilində 2  "Kalaşnikov" avtomatı və xeyli miqdarda döyüş sursatı aşkarlanıb.

 

Rəsmi məlumatlara görə, bu günə qədər Türkiyənin 27 şəhərində və 68 rayonunda iğtişaş baş verib.

 

Müəllif | Apa.Tv