Təcridxanaya çörəyin və diş pastasının içində narkotik keçirmək istədilər
Lənkəran Şəhər-Rayon Polis Şöbəsində müvəqqəti saxlama təcridxanasına narkotik keçirmək istəyən şəxs saxlanılıb. Yoxlamalar zamanı saxlanılan şəxs üçün gətirilən diş pastasının içərisindən heroin, çörəyin içindən isə şpris aşkarlanıb. APA TV-nin məlumatına görə, narkotik vasitə barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən 30 yaşlı Bəhruz Musayev üçün gətirilən sovqata baxış zamanı tapılıb. Polis Şöbəsində Lənkəran şəhər sakini, 31 yaşlı Şahin Əliyevin gətirdiyi sovqatdakı diş pastasının içindən 1,5 qram heroinə bənzər kütlə, eləcə də çörəyin içindən 1 ədəd şpris 0aşkarlanaraq götürülüb. Saxlanılan Şahin Əliyev gətirdiyi sovqatın tanımadığı şəxs tərəfindən aldadılaraq göndərildiyini bildirib.
Dələduzluq maddəsi ilə ittiham olunan Bəhruz Musayev isə narkotikdən istifadə etmədiyini və narkotik vasitəni kimin göndərməsindən xəbərsiz olduğunu deyib. Polis əməkdaşlarının Bəhruz Musayevin müvəqqəti saxlanıldığı kameraya da keçirdikləri baxış zamanı oradan bir ədəd mobil telefon tapılıb.
Faktla bağlı araşdırma aparılır.