Qədim evlər muzeyi - XÜSUSİ REPORTAJ
Bu kadrlar 1990-cı ildə İranda baş verən dəhşətli zəlzələdən sonrakı görüntülərdir. 1990-cı ilin iyunun 20-də gecə saatlarında baş verən zəlzələ nəticəsində 700 kənd dağılıb, 40 min insan dünyasını dəyişib. Təbii fəlakət 500 min insanı evsiz qoyub. Zəlzələ Gilanın qədim və tarixi binalarının əksəriyyətini yerlə yeksan edib.
Tarixi evləri itirmək təhlükəsi ilə üz-üzə qalan İran geniş bir meşə zolağını muzey etmək qərarına gəlir. Beləcə, əyalətdəki qədim evlər və qeyri-adi formada tikilən evlər ev sahiblərindən satın alınaraq, sökülüb və arxitektur özəllikləri saxlanmaqla muzey ərazisində tikilib. 263 hektarlıq ərazini əhatə edən muzey böyük bir kəndi xatırladır. Buradakı bəzi tikililərin yaşı 100, hətta 200 ildən çoxdur.
Bura Gilanın mədəni irs muzeyidir. Əvvəllər meşə sahəsi olub. Sonradan Gilanın qədim evləri sökülərək burada inşa olunub. Bu evlərin əksəriyyətinin Azərbaycanın qədim evləri ilə çox oxşarlığı var.
Muzeyin rəhbəri Rza Əlizadə deyir ki, Gilanın qərb bölgəsində inşa olunan tikililərin Azərbaycan memarlığı ilə uyğunluğu var:
"Muzeydə həmin ərazidən sökülərək, burada inşa olunan evlər var. Əsas oxşarlıq binaların damında kirəmit örtüklərdən istifadə olunmasındadır. Bundan başqa gündəlik istifadə edilən məişət əşyaları da demək olar ki, eynidir”.
Muzeydə sizi həzin klassik və milli musiqi nümunələri müşayiət edəcək. Burada inşa olunan evlərin hər biri simvolik məna ifadə edir.
Bu ev Gilanın qədim yaşayış evlərindən biridir. Burada Musazadə soyadlı şəxs yaşayıb. Evin 108 yaşı var. Əgər evin iki giriş-çıxışı varsa, bu, o deməkdir ki, evdə iki qardaş yaşayıb.
Muzeydə evlərdən əlavə, Gilan əyalətinin adət-ənənələrini, əhalinin həyat tərzini, mətbəxini əks etdirən nümunələr nümayiş olunur. Gilanın milli geyimləri öz rəngarəngliyi ilə seçilir. Bu əyalətin hər kəndinin özünəməxsus geyimləri var. Muzeydə həmin geyimlərin müxtəlif çeşidləri nümayiş olunur.
Bu geyim Gilanın Şərq əyalətinin geyimidir, əsasən nişan və toy mərasimlərində istifadə olunub. Geyimlər nə qədər al-əlvan olarsa, bu, həmin bölgənin sakinlərinin daha pozitiv əhval-ruhiyyədə olduğunu ifadə edir.
Zəngin mətbəx mədəniyyəti olan giləklər səhər yeməyində mütləq şirniyyat yeyir. Elə muzey ərazisində xanımlar durmadan bu şirniyyatı bişirək, bura təşrif buyuran qonaqlara təklif edir. Biz də bu ləzzətli şirniyyatın dadına baxmaq fürsətini əldən qaçırmadıq.
Burada xanımlar Laku və Miyankür adlanan şirniyyatlar hazırlayır. Qoz və şəkərdən hazırlanan bu şirniyyat həm də bizim şəkərburanı xatırladır.
Muzeyə gələnlər buradakı xanımların toxuduqları əl işlərini, əyalətin görməli yerlərini əks etdirən rəsm əsərlərini əldə edə bilərlər. Muzey həm də əlamətdar günlərdə, milli bayramlarda müxtəlif tədbirlərə ev sahibliyi edir. Xüsusən Novruz bayramında burada konsert proqramları və festivallar təşkil olunur. Dəhşətli zəlzələdən sonra yaradılan və özünəməxsusluğu ilə seçilən bu kənd-muzeydə Gilan əhalisinin bizə zərrə qədər yad olmayan məşğuliyyətini, həyat tərzini yaxından izləmək imkanı var.