Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib

Ötən gün cəbhədə düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olan hərbçi, 24 yaşlı Tural Əhmədovun cənazəsi ailəsinə təhvil verilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, şəhid dəfn olunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Şəhidin oxuduğu 118 saylı  köçkün orta məktəbinin kollektivi şəhidin xatirəsinə həsr olunan tədbir keçiriblər. Tural  Əhmədov Bərdə şəhərində şəhidlər xiyabanında dəfn olunub.

 

Qeyd edək ki, oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutub. Nəticədə Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən şəhid olub.

 

Müəllif | Apa.Tv