Bakıda “Təhsil” və “Karyera” sərgiləri keçirilir
Bu gün Bakı “Expo” Mərkəzində VIII Azərbaycan Beynəlxalq “Təhsil” və VIII Azərbaycan Beynəlxalq “Karyera” sərgilərinin açılış mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, sərgilərin açılışında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır. Təhsil və karyera sərgisi Azərbaycanda bu sahədə həyata keçirilən yeni layihələr, Azərbaycan təhsil sisteminin imkanları barədə geniş məlumat verir: "Ötən illərlə müqayisədə bu il daha çox iştirakçı var. Bu il Azərbaycanla yanaşı, xarici ölkələrin təhsil müəssisələri iştirak edir. Sərgidə peşə sahəsində olan imkanlar da nümayiş etdirilir".
Dünyanın 20 ölkəsindən 122 iştirakçının qatıldığı “Təhsil” və “Karyera” sərgilərində Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və ölkənin bir sıra digər təhsil müəssisələri iştirak edir.
"Biz sərgidə GəncəDövlət Universitetini təmsil edirik. Əsasən, bizim tələbələrin əl işləri və aldıqları diplom və fəxri fərmanlar nümayiş olunur. Eyni zamanda incəsənət kafedrasının hazırladığı əl işləri də sərgi tamaşaçılarına nümayiş etdirilir".
Sərgidə dünyanın bir sıra ali təhsil müəssisələrindən də nümayəndələr iştirak edir.
Nikosiya Universitetndən Nataliya Fomina deyib ki, həmin universitet Kiprdə yerləşir: "Bu, regionda ən böyük və nüfuzlu universitetlərdəndir. Nəinki akademik mərkəz, o cümlədən elmi-araşdırma mərkəzidir. 31 bakalavr, 12 magistr və 4 elmlər doktoru diplomları almaq üçün proqramlar mövcuddur. Təhsil ingilis dilindədir. Ümid edirik ki, bura gəlməklə sizin ölkədən olan tələbələrdə universitet haqqında maraq oyadacağıq. Azərbaycanlı tələbələri orada görməkdən çox şad olarıq".
VIII “Təhsil” və “Karyera” sərgiləri oktyabrın 12-dək davam edəcək.