Səlim Müslümovdan işəgötürənlərə çağırış: "Tələsin!"

"Azərbaycanda görmə qabiliyyətini itirmiş şəxslər üçün xüsusi zolaqların qurulması məqsədi ilə sex yaradılacaq".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, görmə qüsuru olan insanlar üçün işıqforların olduğu yerlərdə, keçidlərdə, hava limanında, dəniz vağzalında, avtovağzallarda xüsusi zolaqların salınması gündəmdədir: "Bunun üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən hazırlanmış məsaməli örtüklər var. Bu örtüklərin xaricdən gətirilməsinə ehtiyac yoxdur. Bunun üçün bizə lazım olan kimyəvi materiallar var. Onların hazırlanması üçün kiçik sexin qurulması imkanını nəzərdən keçirdik. "Asan Xidmət" mərkəzləri ilə birlikdə bu işi həyata keçirəcəyik. Hökumətə  artıq müraciət olunub. Yaxın zamanlarda belə bir sex təşkil olunacaq".

 

Nazir bildirib ki, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində böyük işlər həyata keçirilməkdədir.  Hazırda əlilliyi olan insanlar üçün nə qədər avtomat arabalara ehtiyacın olması hesablanır və avtomatlaşdırılmış arabaların gətirilməsi istiqamətində iş görülür. Səlim Müslümovun sözlərinə görə, bu istiqamətdə həmçinin Brayl əlifbası ilə kitabların çap olunması işi aparılır.

 

O, nazirliyin elektron bazasında qeydiyyatdan keçmiş işəgötürənlərin sayının 1 milyon 312 min olduğunu deyib: "Biz hələlik bunların Əmək Müfəttişliyi tərəfindən yoxlanmasına start verməmişik. Qaydaları hazırlamışıq. Hazırda bu proses yekunlaşır. Yaxınlarda bu qaydalar da tam bitərək təsdiq olunacaq. Ondan sonra biz bu məsələlərin yoxlanması prosesinə start verəcəyik. Yəni nə qədər ki, imkan var, işəgötürənlərə səslənirəm. Kimlər bu müqavilələri bizim elektron bazamızdan qeydiyyatdan keçirib bildiriş almayıbsa, tələssin".

 

Nazirin sözlərinə görə, yoxlama prosesi başa çatdıqdan sonra qeydiyyatdan keçməyən işəgötürənlər cərimələnəcəklər.

 

Müəllif | Apa.Tv