Əli Abbasov: "Azərbaycan və İran birgə yayım komissiyası yaradacaq"
"Azərbaycan və İran birgə yayım komissiyası yaratmaq niyyətindədir".
APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İranın Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşü zamanı bildirib.
Nazir deyib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovla da müzakirələr aparılacaq.
İranın Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqam isə jurnalistlərə açıqlamasında bildirib ki, əvvəllər İranın bəzi telekanalları Azərbaycanın bölgələrində yayım tezliklərinə qoşulur və bəzən Azərbaycan əleyhinə verilişlərin yayımlanması da baş verirdi: "Amma artıq bu məsələ həllini tapıb. Bununla bağlı Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İrana səfəri zamanı müzakirələr aparılıb. Bununla yanaşı, bu problemin həllinə əldə olunan texnoloji yeniliklər, uğurlar da kömək edib. Hazırda iki ölkə arasında yayım tezliklərinə müdaxilə, dalğaların bir-birini üstələməsi halları baş vermir".
Azərbaycanlı nazir Əli Abbasov da qarşılıqlı efir yayımına müdaxilələr, yaxud radio-televiziya verilişlərində maraqlara toxunma məsələlərinin artıq olmadığını qeyd edib: "Müzakirələrdən gördük ki, təkcə bu sahədə yox, yeni texnologiyalar, internet radio-televiziya, peyk yayımı, rəqəmsal yayım və durmadan çıxan yeni texnologiyalara nəzarət etməliyik. Biz nəzarət etməliyik ki, oradakı yayımlarda da texnoloji problemlər yaranmasın. Həmçinin orada da qarşılıqlı maraqların toxunulmazlığını təmin edək. Ona görə də bu komissiyanın qarşısında çox böyük məsələlər qoyulub".
Əli Abbasovun sözlərinə görə, bu həmçinin texnoloji məsələlərə yox, yayımın məzmununa, hər iki ölkənin inkişafının təmin olunmasına yönəlmiş verilişlərin həyata keçirilməsi və mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək.