ADA-da “Bakı-Məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib

ADA Universitetində UNİCEF-in Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi “Bakı-Məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib. APA TV-nin xəbərinə görə, ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışı zamanı konfransın Azərbaycanın ev sahibliyi edəcəyi 2015-ci il Avropa Olimpiya Oyunları ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Hafiz Paşayev həmçinin əlillərin cəmiyyətə inteqrasiya olunmasını asanlaşdıracaq şəraitin yaradılmasının vacib olduğunu qeyd edib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə cəmiyyətin bütün üzvləri üçün bərabər şəraitin və hüquqların yaradılmasının önəmli olduğunu önə çəkib. Əvvəllər əlil insanlara münasibətdə tibbi yanaşmaya üstünlük verildiyini deyən nazir indi beynəlxalq ictimaiyyətdə də sosial yanaşmaya xüsusi diqqət ayrıldığını deyib.

 

Ölkədə əlil insanların sayının 532 min nəfər olduğunu söyləyən Səlim Müslümov 65 min nəfərin uşaq olduğunu bildirib. Nazir əlil insanların 25 faizinin Bakıda yaşadığını və şəhərsalmada buna xüsusi diqqət ayırmağın vacibliyini vurğulayıb. 

 

Sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxış edib. A. Şilakadze əlillərin cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edərək onların sağlam insanların arasından sıxışdırılmamasının önəmliliyini qeyd edib: Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, millət vəkili Hadı Rəcəbli və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da çıxışları zamanı əlillərin cəmiyyətə inteqrasiyası və onların sərbəst hərəkəti üçün lazımi şərait yaradılmasının vacibliyini vurğulayıblar.

 

UNİCEF-in beynəlxalq eksperti, Kanadanın əməkdar professoru Kolin Hiqqs isə çıxışı zamanı əlil turistlər üçün şəraitin yaradılmasının vacibliyini önə çəkib. Ekspert Bakıda əlillərin hərəkətinin asanlaşdırılması üçün müxtəlif işlərin görüldüyünü bildirib. Tədbirin yekununda Bakının əlçatarlığının artırılması üçün birlikdə çalışmağı nəzərdə tutan niyyət deklarasiyası – “Bakı Əlçatarlılıq Bəyannaməsi" imzalanıb.

 

Müəllif | Apa.Tv