Masallıda 100-ə yaxın heyvan xəstəlikdən ölüb
Masallı rayonunun bir neçə yaşayış məntəqəsində iribuynuzlu mal-qara arasında "Nodulyar dermatit" adlanan yoluxucu xəstəlik yayılıb. İndiyə kimi 100 başa yaxın heyvan bu xəstəlikdən tələf olub.
APA TV-nin Cənub bürosunun məlumatına görə, xəstəlik əsasən rayonun Təzəkənd, Bala Təklə, Sığıncaq və Sərçuvar kəndlərində qeydə alınıb. Heyvanların virus mənşəli xəstəliyə yoluxması isə yerli sakinlərin narahatlığına səbəb olub. Onların sözlərinə görə, xəstəliyin başlıca əlamətləri heyvanlarda iştahazılıq, taqətsizlik və bədənlərinin müxtəlif nahiyyələrində düyünə bənzər yaraların yaranmasından ibarətdir.
Kənd sakinlərinin müraciətlərindən sonra Masallı Rayon Baytarlıq İdarəsinin əməkdaşları xəstəlik yayılan yaşayış məntəqələrinə səfərbər olunublar. Hazırda onların birbaşa iştirakı ilə xəstəliyin müşahidə edildiyi təsərrüfatlarda dezinfeksiya işləri aparılır. Dövlət Baytarlıq Xidməti tərəfindən verilən dərman pereparatları vasitəsi ilə heyvanlar müalicə olunur, digər profilaktik tədbirlər görülür.
Qeyd edək ki, analoji xəstəlik bir neçə ay öncə bölgənin Cəlilabad rayonunda da qeydə alınıb.