Qubada ağır qəza: 5 yaralı
Qubada 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Quba-Xınalıq yolunun 43-cü km-də, rayonunun Cek kəndi ərazisində qeydə alınıb. Quba sakini? 43 yaşlı Yusifov İmran Mövlüdağa oğlunun idarə etdiyi "Niva" markalı avtomobil qarşıdan gələn 28 yaşlı Hümmətov Adıgözəl Vahid oğluna məxsus “Mercedes” markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü eləcə də onların sərnişinləri - 36 yaşlı Qəribova Məlahət Nürəddin qızı, 42 yaşlı Qəribov Vüqar Vahid oğlu və 29 yaşlı Yusifov Cahangir Əzizağa oğlu xəsarət alıblar. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan M. Qəribova və İ.Yusifovun vəziyyəti ağır olduğundan onlar müalicələrini xəstəxanada davam etdirir. Digər 3 nəfər isə ambulator müalicəyə göndərilib.
İlkin versiya olaraq qəzaya səbəb kimi ehtiyatsızlıq göstərilir. Hazırda faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.