Şəkidə sərxoş sürücü qəza törədib, 3 nəfər yaralanıb

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayonu Qaşqaçay kənd sakini, 1969-cu il təvəllüdlü Rəcəbov Mövsüm Xaləddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şəki rayonu 1962-ci il təvəllüdlü Biləcik kənd sakini Yunusov Rəfael Rizvan oğlunun idarə etdiyi eyni markalı maşın toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və Rəfael Yunusovun avtomobilində olan sərnişin, Şəki rayonu Biləcik kənd sakini 1949-cu il təvəllüdlü Məmmədov Həşim İsmayıl oğlu xəsarət alıblar.  Xəsarət alanlardan Möhsüm Rəcəbovun və Rəfael Yunusovun xəsarətləri yüngül olduğundan onlara tibbi yardım göstərildikdən sonra sərbəst buraxılıblar. Həşim Məmmədov isə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan verilən məlumata görə, Həşim Məmmədovun vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.  Şahidlərin APA TV-yə verdiyi məlumata görə,  sürücülərdən Möhsüm Rəcəbov qəza törədən zaman  sərxoş olub. Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov