Bakıda I Tələbə Forumu keçirilib

Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə I Tələbə Forumu keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, iki gün davam edəcək forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbə iştirak edir.

 

Nazir qeyd edib ki, forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolu və tələbələr arasında dialoqun yaradılmasıdır.

 

Tədbir çərçivəsində tələbələr üçün "master klass"lar, müxtəlif mövzularda müzakirə panelləri, idman və əyləncə xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, SABAH qrupları 33 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 7 ali məktəbdə yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir. Eyni zamanda aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunur.

 

Müəllif | Apa.Tv