Sələm girovunu qaytarmayan İmişli sakini bıçaqlandı
İmişli rayon sakini Murad Məhərrəmov aralarında yaranmış mübahisə zəminində Yasamalda həmyerlisi Vasif Nurullayevi bıçaqlayıb. APA TV-nin məlumatına görə, o, cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq, məsuliyyətdən yayınmaq istəyib. Yaralı Vasif Nurullayevi isə xəstəxanaya ətrafdakı şəxslər çatdırıb. O, dərhal əməliyyat olunub.
Xəstəxanadan verilən məlumata görə, əməliyyatdan sonra palataya köçürülən Vasif Nurullayevin vəziyyəti orta-ağırdır. Cinayəti törətdikdən sonra qaçıb gizlənən Murad Məhərrəmova gəlincə, o, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.