İŞİD-in 61 terrorçusu məhv edilib
Beynəlxaq koalisiyanın aviazərbələri və İraq ordusunun hücumları nəticəsində İraqın qərbində və şimalında 61 İŞİD terrorçusu məhv edilib. “Əl-Cəzirə və Əl-Badiyə əməliyyatları” korpusunun komandiri, general Ziya Kazım İraq ordusuna məxsus hərbi təyyarələrin ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətində İŞİD-in avtomobil və hərbi texnika karvanına qarşı bombardmanında təxminən 30 terrorçunun öldürüldüyünü bildirib. General karvanda 20 avtomobil, 2 tank və 2 ədəd yanacaq daşıyan maşın olduğunu söyləyib.
APA TV-nin xəbərinə görə, “Ənbar Əməliyyatı” korpusunun komandiri Rəşid Felih də Ənbarın şimalında hərbçilərə hücum edən 20 İŞİD terrorçusunun məhv edildiyini deyib.
Şimaldakı kürd peşmərgə qüvvələrinin kapitanı Şirzad Zahuli isə beynəlxalq koalisiyaya aid döyüş təyyarələrinin Mosulun 55 kilometr şimalında və Zimmar nahiyəsində İŞİD qüvvələrinə qarşı aviazərbələr endirdiyini və nəticədə 11 silahlının öldürüldüyünü açıqlayıb.
Bu arada ABŞ "İraq-Şam İslam Dövləti"nin müxtəlif lkələrdə terror aktları planlaşdırdığını bəyan edib. Birləşmiş Ştatlar bununla bağlı beynəlxalq koalisiyaya qatılan və qatılmayan ölkələrə xəbərdarlıq edib. Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, İŞİD aviahücumların qisasını almaq məqsədilə silsilə terror aktları həyata keçirməyə hazırlaşır.