Lənkəranda yük maşınının altında qalan sürücü heç bir xəsarət almayıb

Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 11-də Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində  qeydə alınıb. Ələt istiqamətində hərəkət edən Sabirabad rayon sakini, 58 yaşlı Qulamhüsüyn Niriyevin idarə etdiyi “Hova” markalı, 90 JV 103 dövlət nömrə nişanlı içi dolu yük maşını yaranmış nasazlıq səbəbindən  idarəetmədən çıxaraq yolun soluna keçib və ehtiyat hissədə dayanmış “Mercedes” markalı, 15 BN 949 dövlət nömrə nişanlı minik avtomobilinin üstünə aşıb. Həmin vaxt “Mercedes”in sürücüsü Cəlilabad rayon sakini, 36 yaşlı  Niyaməddin Əliyev maşında olsa da,  xoşbəxtlikdən heç bir xəsarət almayıb. “Mersedes” yararsız vəziyyətə düşüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv