Prezident İlham Əliyev: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir"

Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

 

Belarus prezidenti Aleksandr Lukaşenko bu tədbirdə MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə ediləcəyini deyib. Birlik daxilində ticari-iqtisadi əlaqələrin yeni impuls aldığını bildirən Aleksandr Lukaşenko vurğulayıb ki, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və dialoq yaradılıb.

 

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, MDB-nin potensialı hələ tükənməyib: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq".

 

Tədbirdə dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd olunması istiqamətində işlərin davam etdirildiyini, MDB çərçivəsində əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinin və bundan sonra daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını deyiblər. İclasda elm, təhsil, turizm, təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi, Ukraynada vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb.

 

Prezident İlham Əliyevin Minskə səfəri ötən gün başa çatıb.

 

Müəllif | Apa.Tv