Bayraq meydanında görünməmiş izdiham

Oktyabrın 11-də Dövlət Bayrağı Meydanında fərqli gün yaşandı. İlk dəfə olaraq, üçrəngli bayrağın qaldırılması prosesini hər kəs canlı izləyədi. Səhər saatlarında böyükdən kiçiyə yüzlərlə insan bu tarixi anı izləmək üçün meydana toplaşmışdı.

 

Bir neçə dəqiqədən sonra eni 35 metr, uzunluğu 70 metr və ağırlığı 350 kiloqram olan bayraq meydana gətirildi. Yüzlərlə insan bu prosesin iştirakçısı olmaq üçün növbəyə düzüldü.

 

Böyüklüyünə görə "Ginnesin Rekordlar" kitabında düşən üçrəngli bayraq yenidən dirəyə qaldırılır. İlk dəfə olaraq, sadə vətəndaşlar da bu prosesdə iştirak edir.

 

Mərasimə qatılanlar sevinclərini belə ifadə ediblər: "Dünən eşitdim və gəldim. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam . Xalqımıza firəvanlıq arzu edirəm".

 

"Çox əla, çox gözəl. Burda zavod olanda mən özüm burda işləmişəm. Baxırdın ki, şəhərin görüntüsünü bir balaca itirir. Amma indi çox möhtəşəmdir".

 

Mərasimdə iştirak edən məktəblilər, azyaşlılar üçün də bu gün unudulmaz gün idi. İlk dəfədir, yaşadıqları bu hadisəni onlar da sevinclə qarşıladılar:  

 

"Vətənimi və bayrağımı çox sevirəm, böyüyəndə bayrağımı ermənidən qoruyacağam".

 

"İlk dəfədir, buraya gəlirəm. Çox gözəldir. O gün olsun, bayrağımız Xankəndində, Qarabağda dalğalansın".

 

100 ilə yaxındır ki, insanların müqəddəs ideal rəmzinə çevrilən üçrəngli bayrağımız 162 metr hündürlüyündə dirəyə qaldırıldı.

 

Tədbirə millət vəkilləri, ictimaiyyət adamları, mədəniyyət və incəsənt nümayəndələri, Azərbaycanın olimpiya və dünya çempionları da qatılmışdı.

 

Olimpya çempionu Elnur Məmmədli sevincini APA TV ilə paylaşıb: "Bu gün sevincimin həddi-hüdudu yoxdur. Mən olimpya çempionu kimi Azərbaycanın bayrağını dəfələrlə qaldırmışam. Bunun hər kəsə qismət olmasını arzu edirəm. Doğrudan da çox şərəfli bir hissidr".

 

Azərbaycan xalqı illərlə mücadiə apardı, müharibələrdən keçdi, minlərlə şəhid verdi və öz 3 rəngli bayrağını yaratdı. Bu gün bu bayraq öz meydanında dalğalanır.

 

Bir daha enməməsəmi diləyi ilə...

 

Müəllif | Apa.Tv