İŞİD İraqda 40 min nəfəri mühasirədə saxlayır
İraq parlamentinin Ənbar vilayətindən olan üzvü Qazi əl-Geud həyəcanlı bəyanatla çıxış edib. O, İraqın Fırat bölgəsinin bütün girişlərinin "İraq Şam İslam Dövləti" terror təşkilatının nəzarətində olduğunu, Əl-Bu Nemr əşirətindən 40 min nəfərin mühasirədə qaldığını bəyan edib.
APA TV-nin xəbərinə görə, Qazi əl-Geud bildirib ki, Bağdad hökuməti və Ənbardakı hərbi əməliyyatların komandanlığı ilə mühasirədəki vətəndaşlara silah, sursat, qida və su kimi vacib yardımlarının çatdırılması məsələsini müzakirə edir.
Deputat deyib ki, Fırat bölgəsinin əhalisi 8 aydır, İŞİD-ə müqavimət göstərir və daimi hücum qarşısındadır.
Ənbar vilayətindəki təhlükəsizlik qüvvələri ilə İŞİD arasında döyüşlər terrorçuların qərbdəki bir neçə qəsəbəni və Rəmadi şəhərinin bir hissəsini ələ keçirməsindən sonra şiddətlənib.
İraqın Daxili İşlər Nazirliyi isə Ənbar vilayətinin Tavi bölgəsinin İŞİD-dən təmizləndiyini açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, İraq ordusuna aid təyyarələrin də dəstək verdiyi əməliyyat azamnı İŞİD xeyli itki verib.
Qeyd edək ki, İŞİD bir müddət əvvəl İraqın Mosul və Tikrit kimi iri şəhərlərini ələ keçirib, 1 milyondan artıq mülki şəxs döyüş əməliyyatları zonasını tərk etmək məcburiyyətində qalıb.