Zaqatala toydan qayıdan qohumlar qəzaya uğradılar: 1 ölü, 4 yaralı

Zaqatalada baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunda  baş verib. Zaqatala şəhər sakini, 50 yaşlı Behbud Murtuz oğlu Şerelov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Qax rayonundan Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi nəticəsində maşını yolun kənərındakı dərəyə aşırıb. Qəza nəticəsində avtomobilin sürücüsü Behbud Şerelov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Zaqatala rayonunun Yengiyan kənd sakinləri 20 yaşlı Mari Qurban qızı Əlixanova, 31 yaşlı Pərvanə Xəlil qızı Əliyeva, 25 yaşlı Cahan Nazim oğlu Əlixanov və Zaqatala rayonunun Lahıc kənd sakini, 36 yaşlı Elnarə Xəlil qızı Əlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralıların müalicəsi  xəstəxanada aparılır, onların vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, yol qəzasına düşən şəxslər Qaxın Güllük kəndində keçirilən toy məclisindən evə qayıdırlarmış.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov