İmişli sakininin evini qəsdən yandıran şəxs: "Peşman deyiləm"
İmişlidə iki yanğın hadisəsi qeydə alınıb. Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 104-cü km-də "Mercedes" markalı maşın yanıb. Şirvan sakini Yaşar İbişovun idarə etdiyi avtomobilin mühərrik hissəsində tüstülənmə baş verib. Sürücü avtomobili saxlayaraq, alovu söndürmüyə cəhd etsə də, hec bir nəticə olmayıb. Bu səbəbdən sürücü və avtomobildəki sərnişin dərhal maşından uzaqlaşıb. Yanğın nəticəsində yolda hərəkət dayanıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Digər avtomobillər yanğından mühafizə edilib və yolda hərəkət bərpa olunub.
APA TV-nin xəbərinə görə, avtomobili yanan şəxs və onun həyat yoldaşı hərbi xidmətdə olan övladları ilə görüşdən evə qayıdırmış.
İmişlidə daha bir yanğın hadisəsi Rahilə Abbasovaya məxsus fərdi yaşayış sahəsində baş verib. Axşam saatlarında İmişli rayonu Bəhramtəpə qəsəbəsində baş verən yanğın barədə FHN-ə qonşular xəbər veriblər. Həmin vaxt ev sahibləri qohumlarının xeyir işində olublar. Yanğının təsadüfən deyil, qəsdən törədildiyi məlum olub.
Hadisə ilə bağlı İmişli rayon Polis Şöbəsinə müraciət edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyənləşib. Yanğını törətməkdə şübhəli bilinən İmişli rayon, Qaragüvəndikli kənd sakini Tağıyev Elşən saxlanılıb:"Rahillə prinsipim vardı, yandırdım. Peşman deyiləm".
Yanğın nəticəsində umumi sahəsi 135 kvadrat metr olan ev tamamilə yanıb.