İran-Azərbaycan: İqtisadi əlaqələrin inkişaf potensialı - REPORTAJ

İran qarşılıqlı əlaqələrin səviyyəsini yüksəltmək üçün Bakı-Ənzəli dəniz sərnişin reysini təkrar işə salmağa hazırdır. Gilan əyaləti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi xəttində yerləşir. Su və qurudan Orta Asiya ölkələri, Azərbaycan və Rusiya ilə əlaqələri bu vilayətə geniş iqtisadi imkanlar qazandırıb.

 

Təbii resurslara, kənd təsərrüfatı üçün əlverişli torpağa, özünəməxsus özəllikləri olan Ənzəli gölünə və gözəl dəniz sahillərinə malik olması əyalətin turizm və iqtisadi potensialının inkişaf etdirilməsi üçün geniş şərait yaradır. Həm də əyalətin Azərbaycanla həm quru, həm də dəniz sərhədlərinin olması İranın ölkəmizlə iqtisadi əlaqələrə marağını daha da artırır. Gilan əyalətinin başçısı Məhəmməd Əli Nəcəfi jurnalistlərlə görüşdə Rəşt-Bakı-Həştərxan aviareysinin açılmasını təklif edib: 

 

“Rusiyanın Həştərxan şəhəri bizə Rəşt-Həştərxan hava reysinin açılmasını təklif edib. Biz isə bu reysin Rəşt-Bakı-Həştərxan xətti üzrə açılmasını təklif edirik. Düşünürəm ki, bu reysin açılması ölkələrimiz arasında əməkdaşlıqların artırılmasına təkan verər”.

 

Onun sözlərinə görə, sərhədyanı bazarların yenidən açılması, bu ərazilərdə müvəqqəti keçidin bərpası, malların ixracı və idxalı ilə bağlı xərclərin azaldılması, birtərəfli viza rejiminin ləğvi  iki ölkənin iqtisadi əlaqələrini genişləndirməsinə təkan verə bilər. Əli Nəcəfinin sözlərinə görə, hazırda bununla bağlı Azərbaycanla danışıqlar aparılır.

 

Hazırda Ənzəli limanı ilə Bakı limanı arasında sərnişindaşımanın həyata keçirilməsi üçün də imkanlar var: "Əvvəllər belə bir gəmi reysi mövcud idi, nəyə görə bu iş davam etməsin və bu imkandan istifadə etməyək? Ənzəli limanı azad iqtisadi zonada yerləşir, bu, iki ölkənin ticari əlaqələrində dönüş yarada bilər".

 

Ənzəli Azad Ticarət-Sənaye Zonasının rəhbəri Rza Masrur Azərbaycan investorlarını Ənzəli azad iqtisadi zonasına sərmayə yatırmağa çağırır. Ənzəli iş adamlarından ibarət nümayəndə heyətinin noyabrda Bakıya səfər edəcəyini deyən təşkilat sədri deyir ki, İran bu zonaya investisiya yatıran Azərbaycan iş adamlarına vergi güzəştləri təklif edə bilər.

 

Bu liman il ərzində 11 milyon ton yük qəbul etmə potensialına  malikdir. Yüklərin 20 faizə qədəri Azərbaycanın payına düşür. Ölkəmizdən bura əsasən dəmir və taxta məmulatları ixrac olunur.

 

İranda olduğumuz müddətdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun Gilan əyalətindəki hissəsində aparılan tikinti işləri ilə tanış olduq. Tikintinin icraçı mühəndisi Fərhad Kafi bildirdi ki, Qəzvin-Rəşt-Ənzəli dəmir yolunun uzunluğu 205 kilometrdir. Ənzəlidən Astaraya yolun uzunluğu 164 kilometr təşkil edir. Dəmir yolunun tikintisini 6 İran şirkəti altı müxtəlif hissədə eyni vaxtda davam etdirir:

 

“Bizim şirkətimizin tikinti apardığı hissənin uzunluğu 16,5 kilometrdir. Dəmiryol marşrutu mürəkkəbdir və bizim tikinti apardığımız hissədə 5 ədəd mürəkkəb və böyük tikili mövcuddur. Körpünün tikintisi, layihələndirilməsi və digər işlərin hamısı iranlı mütəxəssislər tərəfindən həyata keçirilib”.
 

Körpü Qəzvin və Rəşt şəhərlərini dəmiryol xətti vasitəsilə birləşdirir. Uzunluğu 595 metr olan körpünün 16 əsas və 38 yardımçı sütunu var. Hazırda Qəzvin-Rəşt-Ənzəli dəmir yol marşrutunda tikinti işlərinin 80 faizi tamamlanıb və 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi gözlənilir.

 

Türkiyə, Avropa, Azərbaycana gedəcək dəmiryolu xəttini inkişaf etdirmək məqsədi ilə Qəzvin- Rəşt-Ənzəli-Astara arasında dəmiryolu xəttinin tikintisi işləri davam etdirilir. Hazırda biz dəmiryolunun ötürücü körpülərinin birinin yanındayıq. Uzunluğu 364 kilometr olacaq dəmiryolu xətti 9 milyon ton yükgötürmə qabiliyyətinə malikdir. 2015-ci ildə həmin dəmiryolu xətti Azərbaycan Respublikasının dəmir yolu ilə birləşdiriləcək.


Sözügedən dəmiryolu 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv