QSC sədri: “Qəzvin-Rəşt-Astara dəmir yolu ilə bağlı danışıqlar gedir”
"Bu yaxınlarda Gəncədə Azərbaycanla İsveçrənin “Stadler Rail” şirkəti ilə birgə yük və sərnişin vaqonlarının əsaslı təmiri və istehsalını həyata keçirmək üçün nəzərdə tutulan zavodun təməli qoyulacaq".
APA TV-nin xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirib ki, bununla bağlı artıq bütün hazırlıq işləri görülüb: "Tikintinin 1 il 6 ay müddətində başa çatdırılması nəzərdə tutulub. İlkin mərhələdə zavodun illik istehsal gücü 50 sərnişin vaqonu olacaq. Tikiləcək zavodun məhsulları həmçinin qonşu dövlətlər, xüsusilə İran, Orta Asiya ölkələrinə də satılacaq”.
Arif Əsgərov bildirib ki, Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində 600 km yolun əsaslı təmirinə dekabr ayında başlanılacaq: "317 kilometr hissəsini biz Çexiya krediti hesabına başa çatdırmışıq. 30 kilometri isə öz daxili büdcəmizlə təmir olunub".
QSC sədri bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olan və Azərbaycan, Rusiya və İran tərəfindən tikintisi həyata keçirilən Qəzvin-Rəşt-Astara dəmir yolu ilə əlaqədar üç ölkə arasında hazırda danışıqlar gedir.