Gəncə sakini motosikleti ile su quyusuna düşərək ölüb
Gəncə şəhərində bədbəxt hadisə baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov motosikleti idarə edərkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb. Quyuya baxış keçirilərkən məlum olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.