Mübariz Qurbanlının deputat mandatı ləğv edildi
Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş millət vəkili Mübariz Qurbanlının deputatlıq səlahiyyətlərinə xitam verilib. APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının iclasında bu məsələ müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir. M. Qurbanlı prosedura müvafiq olaraq MSK-ya müraciət edib.
MSK üzvü Akif Qurbanov bildirib ki, bununla Milli Məclisdə 5 yer boş qalacaq. O, MSK-nın bu yerlərə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.
Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Komissiyanın bu gün keçirilən iclasında seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarına dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirəyə çıxarılıb.
Məsəlı barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, 6 Seçki Dairəsində dəyişiklik etməyə ehtiyac yaranıb. O, 4 dairədə seçicilərin sayı azaldığını, 2 dairədə seçicilərin sayının artdığını xatırladıb. Sumqayıt, Abşeron və Xızı rayonlarını əhatə edən seçki dairələrinin yenidən təşkili və 3 yeni seçki dairəsinin (41, 44 və 50 saylı) yaradılması təklif edilib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib
Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planının layihə variantının hazır olduğunu bildirib.