Balakəndə 3 qadın göbələkdən zəhərlənib
Balakəndə üç nəfər göbələkdən zəhərlənib. APA TV-nin məlumatına görə, oktyabr ayının 13-ü axşam saatlarında Balakən şəhər sakini, 23 yaşlı Gülmira Qarayeva, rayonun Tülü kənd sakini, 32 yaşlı Zeynəb Bayramova və rayonun Qazma kənd sakini, 42 yaşlı Əzizə Rəşidova zəhərlənmə diaqnozu ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Həkim araşdırması və müayinəsindən sonra məlum olub ki, hər üç şəxs göbələkdən zəhərlənib. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir və müalicələri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Xəstələrdən Gülmira Qarayevanın vəziyyəti nisbətən ağır olduğu üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
Balakən Rayon Mərkəzi Xəstəxanasının yolxucu xəstəliklər şöbəsinin müdiri Hizbullah Musayev deyib ki, onlara ilk tibbi yardım göstərilib: "Hazırda xəstələrdən ikisi bizim şöbədədir. Onlara da məsləhət görülüb ki, müayinə üçün Bakı şəhərinəToksikoloji Mərkəzə getsinlər".
Göbələkdən zəhərlənənlərdən 42 yaşlı Əzizə Rəşidova Balakən RMX-da tibb bacısı vəzifəsində çalışır.
Qeyd edək ki, göbələkdən zəhərlənmə faktı ilə Zaqatalada da son 4 gündə iki nəfər rayon sakini 23 yaşlı Brilyant Məlikova və 53 yaşlı Tahirə Əhmədova Zaqatala RMX-a daxil olub.