Azərbaycanlını döydürən təcridxana rəisi barədə cinayət işi başlanıb
Rusiyanın Novosibirsk vilayətində 1 nömrəli istintaq təcridxanasının rəhbəri və müavininə qarşı cinayət işi başlanıb. APA TV-nin məlumatına görə, onlar 9 təqsirləndirilən şəxsin öz kameralarından çıxaraq orada saxlanılan azərbaycanlı Kənan Cəlilovu döymələrinə icazə verməkdə ittiham olunurlar. Təcridxana rəhbərliyi bu hadisəni gizlətməyə çalışaraq, bədbəxt hadisə kimi qələmə verib.
Hadisə bu ilin sentyabrında baş verib. Təcridxananın rəis müavini Vasiliy Nabok 9 nəfəri kameradan çıxararaq məhkəmə hökmünü gözləyən şəxsin qaldığı kameraya salıb. Onlar zərərçəkmişə çoxsaylı bədən xəsarətləri yetirib. Hazırda o, tibbi məntəqəsindədir. İstintaq təcridxanasının rəhbəri Ruslan Robakidze isə hüquq-mühafizə orqanlarına saxlanılan şəxsin çarpayının ikinci mərtəbəsindən yıxıldığını və xəsarət aldığını deyib.
Hadisə Kənan Cəlilovun kamera yoldaşlarının gözü qarşısında baş verib. Döyülən şəxsin həyat yoldaşı İrina Cəlilova hüquq müdafiəçilərinin köməyi ilə hüquq-mühafizə orqanlarının diqqətini hadisəyə cəlb edə bilib.
Faktla bağlı rəisə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, müavinə isə vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanılıb. 32 yaşlı Kənan Cəlilov isə 2012-ci ildən 45 nömrəli kamerada saxlanılır. Hələlik məhkəməsi başa çatmayan azərbaycanlı quldurluq, soyğunçuluq, qanunsuz silah dövriyyəsi və qəsbdə təqsirləndirilir.