AMEA-nın magistratura pilləsinə qəbul aparılacaq

2015-2016 tədris illərində AMEA-nın magistratura pilləsinə qəbul aparılacaq.  APA TV-nin xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib. Akademiya prezidentinin sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə danışıqlar aparılıb. Növbəti tədris ilində  AMEA-nın magistraturasına 42 ixtisas üzrə qəbul aparılacaq. Magistraturaya qəbulun 2015-ci il ilin fevral ayında aparılması nəzərdə tutulub.

 

Təhsil naziri Mikayıl Cabbarovla aparılan danışıqlara və əldə olunan razılığa əsasən, bir liseyin akademiyanın himayəsinə veriləcəyini deyən Akif Əlizadə bildirib ki, AMEA həmin liseydə şagirdlərə lazımi biliklər verəcək. Bununla da təhsilin 5 pilləsindən 4 pilləsi akademiyada mövcud olacaq. Şagirdlər AMEA-nın liseyində təhsil aldıqdan sonra bakalavriat təhsilini hər hansı bir ali məktəbdə alacaq, sonradan yenidən akademiyanın magistratura, doktorantura və dissertanturasında təhsil ala biləcəklər.

 

İclasda Rəyasət Heyəti Mərkəzi aparatın strukturunda dəyişikliyin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi, Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquq və Kadrlar İdarəsi, Təhsil şöbəsi və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb.

 

Müəllif | Apa.Tv