Bakıda toyda dava düşdü, ata və oğlu bıçaqlandı
Bakının Əmircan qəsəbəsində toyda dava düşüb. APA TV-nin məlumatına görə, toya gələn qonaqlar arasında baş verən davada 3 nəfər bir-birini bıçaqlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, toyda qonaq qismində iştirak edən qəsəbə sakini Elxan Zahirovla həmyerlisi, 25 yaşlı Laçın Qüdət oğlu Əmirov arasında mübahisə düşüb.
Tanışlar toy mağarından ayrılaraq mübahisəni yaxınlıqdakı dəmiryolunun kənarında davam etdiriblər. Mübahisə burda qızışıb. Laçın Əmirov Elxan Zahirovu bıçaqlayıb. Atasının bıçaqlandığını görən Rəsul Elxan oğlu Zahirov üzərində gəzdirdiyi cib bıçağı ilə Laçın Əmirovu vurub. Özünü ayaqda saxlamağı bacaran Laçın əlindəki bıçağla Rəsula xəsarət yetirib.
Hər üç şəxs yaxınlarının köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Növbətçi həkim Həsən Tağıyevin verdiyi məlumata görə, hər 3 yaralı dərhal əməliyat olunub. Əməliyatdan sonra yaralıların həyatına təhlükə aradan qalxıb.
Faktla bağlı Surxanaı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində cinayət işi açılıb araşdırma aparılır.