Lənkəranda minik avtomobili yandı

Lənkəranda sürücü və bir sərnişinin olduğu minik avtomobilində yanğın baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gün saat 22:30 radələrində Ələt-Astara magistralının 207-ci kilometrliyində, yolun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yanğın rayonun Şıxakəran kənd sakini, 26 yaşlı Elməddin Zamiq oğlu Əliyevin idarə etdiyi “VAZ-21014” markalı, 90 NP 895 dövlət nömrə nişanlı avtomobildə baş verib. Sürücü və daha bir sərnişinin də olduğu avtomobil hərəkətdə olarkən qəfildən alışmağa başlayıb. Yanğının əhatə dairəsinin getdikcə genişləndiyini görən sürücü maşını dərhal yolun sağ hissəsinə çəkərək, sərnişinlə birlikdə avtomobili tərk etməyə müvəffəq olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin  Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyləri nəticəsində yanğın söndürülərək, baş verə biləcək partlayışın qarşısı alınıb. Hadisə nəticəsində xəasrət alan olmasa da, avtomobil yanaraq yarasız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv