Əmək müqaviləsini elektronlaşdırmaq üçün verilən VAXT BİTDİ
Qüvvədə olan əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlı işəgötürənlərə verilən vaxt başa çatıb. APA TV-nin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə 9 ayın yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, artıq 1 milyon 400 mindən artıq daxilolma qeydə alınıb. Qaydalara əməl etməyənlər cəzalandırılacaq: "Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət işləri keçirəndə əmək müqaviləsinin elektron informasiya sisteminə salıb-salmamasına möhlət vermişdik. Biz o sahədə İnzibati Xəatalar Məcəlləsində cərimə tətbiq etmiridk. Möhlət verilmişdi ki, qüvvədə olan əmək müqavilələri möhlətə salınsın. İnzibati Xətalar Məcəlləsində uyğun olaraq hüquqi şəxslər üçün 20 minə yaxın, fiziki şəxslər üçün də küllü miqdarda cərimələr var".
Xidmət rəisi bildirib ki, bu ilin yanvar-sentyabr aylarında dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda 14 774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkarlanıb: "Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,3 dəfə çoxdur. Tətbiq edilmiş ümumi cərimələrdən 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib".
Fuad Əlizadə bildirib ki, işçinin hüquqları əsasən yerli şirkətlər tərəfindən pozulur. Əməyin mühafizəsi tələblərinin ciddi şəkildə pozulduğu bir sıra müəssisələrdə, o cümlədən tikinti obyektlərində işlər əməyin mühafizəsi sahəsində onlarda aşkarlanan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Xidmət rəisinin sözlərinə görə, bu tədbirlər davam etdiriləcək və işçilərinin həyat və sağlamlığı üçün təhlükəli iş şəraiti olan müəssisələrə qarşı sərt tədbirlər həyata keçiriləcək.