Universitet müəllimi və nazirlik əməkdaşının işi məhkəmədə

Azərbaycanda ayrı-ayrı şəxslərin ali məktəblərə qəbul etdirmək adı ilə aldadılması və saxta diplomlar verilməsi faktı baxılması üçün məhkəməyə göndərilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi digər qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

 

Aparılmış istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedaqoji Universitetinin müəllimi Zemfira Qasımova, Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil müəssisələrinə qəbul etdirməsi və həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə yalandan vəd edib saxta diplomlar verməklə, habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

 

İstintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv