“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” - TƏLİM

Bakı Ali Neft Məktəbində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatı dəstəyi ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib. APA TV-nin xəbərinə görə, nəzəri və praktik olmaqla iki hissədən ibarət tədbirdə Ali Neft Məktəbinin rəhbər və işçi heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları və media nümayəndələri iştirak edib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, təlim kursları fövqəladə hallar zamanı davranış qaydalarının aşılanmasında, baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında tələbələrə təcrübə qazandıracaq. Daha sonra FHN-in Bakı Regional Mərkəzinin rəisinin birinci müavini, polkovnik Elşən Əliyev çıxış edərək tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıdıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə məlumatlar verib. Nəzəri hissədən sonra keçirilən praktik hissədə FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə etdikləri xüsusi xilasetmə texnikası, alət və avadanlıqları ilə taktiki-xüsusi təlim həyata keçirilib. Yuxarı mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilən “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları tələbələr tərəfindən böyük maraqla qarşılanıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv