Qazaxıstan və Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində iştirak etmək istəyir

"Qazaxıstan və Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində iştirak etmək istədiyini açıqlayıb".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazirin sözlərinə görə, Azərbaycan dəfələrlə bu layihənin başqa ölkələr üçün açıq olduğunu bildirib. O, layihəyə həsr olunmuş tədbirdə dəmir yolu istifadəyə verildikdən sonra illik daşımaların həcmi ilə bağlı proqnozları da açıqlayıb: "3-cü istismar ilindən sonra 3 milyon ton, beşinci istismar ilindən sonra 5 milyon tondan artıq, 10-cu istismar ilindən sonra isə 10 milyon ton və daha artıq yük daşınacaq. Marşrut üzrə beynəlxalq sərnişindaşımaları da həyata keçiriləcək.  Marmara layihəsindən sonra BTQ xəttinin istifadə verilməsilə Trans-Avropa və Trans-Asiya şəbəkələrinin birləşdirilməsi və yüklərin birbaşa Qafqaz üzərindən Avropa və Asiyaya çıxarılması təmin ediləcək".

 

Baş nazirin müavini Abid Şərifov isə Bakı-Tiflis-Qars layihəsini möcüzə adlandırıb: "Bu gün Çindən Avropanın mərkəzinə yük 1 aya gedirsə, bu dəhliz və Bosforun altı ilə Mərmərə tuneli işləndikdən sonra 12 günə gedəcək. Vaxt fərqi var və vaxt vəsaitdir. Bu, Azərbaycan üçün ağlagəlməz bir layihədir".

 

Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan  Londondan Pekinə uzanacaq xətt üzrə Mərmərə layihəsinin artıq tamamlandığını, Bakı-Tiflis-Qars üzrə işlərin isə gələn il başa çatdırılacağını deyib: "Bakı-Tiflis-Qars dəmir yol xətti Mərmərə ilə birləşəcək. Yəni Bakıdan çıxan bir şəxs sürətli qatarla İstanbula, Avropaya gedə biləcək".

 

Türkiyəli nazir Naxçıvan-Qars dəmiryol xəttinin də Azərbaycan tərəfi ilə müzakirə etdiyini və hər iki ölkənin bunu reallaşdırmaqda maraqlı olduğunu vurğulayıb.

 

Müəllif | Apa.Tv