Nazir: "Bəzi təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq"
"Azərbaycanda bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq".
APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, nazirlik təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparır: "Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imatahan nəticəsində mümkün olacaq. Artıq bir ay ərzində şagirdlərin iki ayrı qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Bu islahatlar ardıcıl alaraq həyata keçiriləcək və hal-hazırda bu sahədə olan digər məsələlərin həllində də öz müsbət rolunu oynayacaq".
Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında aparılan məsləhətləşmələr sona çatmaq üzrədir. Artıq bu tədris ilində bu sahədə də yeniliklər tətbiq ediləcək. Bu yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm yaradıcılıq ali təhsil müəssisələrini, həm də digər bəzi təhsil müəssisələrini əhatə edəcək.
Nazir bildirib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən nəzərdə tutulan regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb. Növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem üzrə çalışacaq: "Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatlar davam etdiriləcək. Yerlərdə təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək".
Təhsil Nazirilyində prezidentin sərəncamı ilə "Tərəqqi" medalı, "Əməkdar müəllim" və "Əməkdar Bədən İdman Xadimi" fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.