Almaniya PKK terror təşkilatını silahlandıra bilər
Almaniya PKK-nı silahlandıra bilər. Bunu "Spigel" dərgisinə danışan Almaniyanın Xristian Birlik Partiyaları Federal Parlament sədri Volker Kauder bildirib. Baş nazir Angela Merkelə ən yaxın siyasətçilərdən olan Kauder peşmərgədən başqa, PKK da daxil olmaqla, digər kürd qruplarına silah göndərilə biləcəyini qeyd edib. Kauder deyib ki, Türkiyənin PKK ilə necə problemi olduğunu bilir. Göndərilən silahların hamısının istənilən yerə gedəcəyinə təminat yoxdur.. Ancaq İŞİD dayandırılmasa, risk daha böyük olacaq.
Kauder bildirib ki, Türkiyə sərhədini keçən İŞİD terrorçuları Kobanidən qaçmaq istəyən qaçqınlara mane olur. Türkiyənin PKK mövqelərini bombalamasının qəbuledilməz olduğunu deyən sədr bu mövzuda müzakirə aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Almaniya son günlərə qədər PKK və digər kürd qruplaşmalara silah verilməsinə qarşı olub. Kobanidə İŞİD terrorçularını bombardman edən koalisiya təyyarələri yanlışlıqla YPG-ni vurub. "Rudav"ın xəbərinə görə, nəticədə 6 kürd ölüb. Xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Pentaqonun sözçüsü kontr-admiral Con Kirbi isə ABŞ hərbi təyyarələrinin hücumları nəticəsində Kobani və ətrafında yüzlərlə terrorçunun öldürüldüyünü açıqlayıb. Kobaninin hələ də İŞİD-in əlinə keçməsi təhlükəsinin olduğunu deyən Kirbi qeyd edib ki, şəhərdə əvvəlkindən daha çox terrorçu var.