Abid Şərifov: ""Sovetski"də heç kimin evi zorla sökülmür"

""Sovetski"də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz, sakinlərdən kim istəsə, qalıb orada yaşaya bilər".

 

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, evləri sökülən sakinlərə hər kvadrat metrə görə 1 500 manat həcmində təzminat ödənilir: “Bundan artıq qiymət mövcud deyil. Lakin 15 kvadrat metrə qədər sahəsi olan evlərdə yaşayan sakinlər evlərini satarsa, bu məbləğə ev ala bilməməsi başqa məsələdir. Hazırda hökumət bu məsələnin həll edilməsi istiqamətində iş aparır. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdır. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunurlar. Heç kim evindən zorla çıxarılmır”.

 

Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə, Abid Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür və ya sökülərsə də, mütləq kompensasiya verilir. Onun sözlərinə görə, istər şəhərdən kənarda, istər şəhərin mərkəzində çəkilən yolların ətrafında, eyni zamanda 3-cü mikrorayonda, "Xutor"da evlərin 90 faizinin sənədi qaydasında deyil. Bu ərazilərdə  tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev sökülüb. Heç birinin sənədi olmayıb, amma hamısına kompensasiya ödənilib. Buna görə narahatlığa əsas yoxdur. 

Müəllif | Apa.Tv