Azərbayacn və Tacikistan prezidentləri birgə bəyanatla çıxış ediblər
Azərbaycan prezidentinin Tacikistana rəsmi səfəri başlayıb. Prezident İlham Əliyevin oktyabrın 16-da Düşənbədəki Millət Sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək görüşü olub.
Görüşdə Emoməli Rəhmon Tacikistanla Azərbaycanı tarixi, mədəni əlaqələrin birləşdirdiyini deyib: "Əminəm ki, Sizin səfəriniz xalqlarımız arasında münasibətlərin inkişafına yeni təkan verəcək. Əlbəttə ki, bu səfər çərçivəsində iki tərəfli münasibətlərin mühüm istiqamətləri daha dərindən müzakirə olunacaq və çox tərəfli əməkdaşlığın proqramı müəyyənləşdiriləcək. Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. İkitərəfli əmtəə dövriyyəsinin həcmi artmaqdadır".
Azərbaycan Prezidenti isə Tacikistana gəldiyindən məmnunluğunu bildirərək deyib ki, bu, dostluq, həmkarlıq səfəridir: "Ümid edirik ki, bu səfər iqtisadi əlaqələrin fəal inkişafına təkan verəcək. Ona görə ki, əmtəə dövriyyəsinin bizim istədiyimiz səviyyədə olmadığı fikri ilə razıyam. Elə nümayəndə heyətimizin tərkibində bir çox işgüzar dairələrin nümayəndələri və nazirlər var. Buna görə düşünürəm ki, bu görüş yaxşı nəticə olacaq".
Sonra Azərbaycan və Tacikistan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Tacikistan arasında fövqəladə hallar, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə sənədlər imzalanıb.
İmzalanma mərasimindən dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış ediblər.