Türkiyə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
BMT Təhlükəsizlik Şurasına beş yeni qeyri-daimi üzv seçilib. Onlar Argentina, Ruanda, Cənubi Koreya, Avstraliya və Lüksemburqu əvəz edəcək. APA TV-nin xəbərinə görə, ən gərgin mübarizə Türkiyənin də namizədliyini irəli sürdüyü "Qərbi Avropa və digərləri" qrupunda gedib. Bu qrupdan Yeni Zellandiya 145 səslə Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilsə də, Türkiyə və İspaniya arasında seçim etmək ilk cəhddə baş tutmayıb.
İlk turda 109 səs alan Türkiyə və 121 dövlətin dəstəyini qazanan İspaniya səslərin 2/3-ini toplaya bilmədiklərindən ikinci tura keçib. İkinci turda da namizədlərdən heç biri lazım olan səsi toplaya bilməyib - İspaniya 120, Türkiyə isə 73 səs qazanıb və səsvermənin üçüncü turu keçirilib. Üçüncü turda Türkiyəyə verilən səslər əhəmiyyətli dərəcədə azalıb. İspaniya 132, Türkiyə isə 60 ölkənin dəstəyini qazanıb. Bu nəticə İspaniyanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə kifayət edib.
Yeni Zellandiya və İspaniya ilə yanaşı, Anqola, Venesuela və Malayziya da BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq.
Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2009-2010-cu illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub.