Bakıda "Hyundai" ilə "BMW" toqquşub
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. Rüfət İsgəndərlinin idarə etdiyi "Hyundai" markalı avtomobillə Elvin Rzayevə məxsus "BMW" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Yasamal Rayon Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, hadisənin baş verməsinə "BMW"-nin sürücüsünün düzgün manevr etməməsi səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir. Qəzanın dəqiq səbəbi araşdırmanın yekununda məlum olacaq.
Hər iki avtomobil hadisə yerindən evakuasiya edilib və cərimə meydançasına qoyulub.